Qeyd:
Ümid anlayışı ötəri bir hiss deyil, ailə mühiti və valideynlik üslubu çərçivəsində idrak-motivasiya quruluşu kimi təhlil olunur. Elə bir quruluş ki, uşağa əzabı mənalı görməyi, gələcəyi təsir edilə bilən bir sahə kimi dərk etməyi və çətin şəraitdə fəal dözümlülük nümayiş etdirməyi öyrədir. Ailə üzrə mütəxəssis, Zeynəb Rizvaninin Hövzə Xəbər Agentliyinə verdiyi müsahibəsində bu tərbiyəvi bağlılığı izah edib.
Ümid: Sadə bir emosiya, yoxsa tərbiyəvi quruluş?
İnkişaf psixologiyasında ümid sadəcə ötəri bir hiss və ya səthi nikbinlik deyil əksinə, uşağa həyatın anlaşılan və istiqamətləndirilə bilən olduğunu öyrədən idrak-motivasiya quruluşudur.
Ümidli uşaq gələcəyi məcburi və qaçılmaz bir taleyin nəticəsi kimi deyil, onu öz fəaliyyət və seçim imkanlarının sahəsi kimi qəbul edir.
Çətinlik zamanı ümidin faydası
Ümidin ən mühüm funksiyalarından biri əzab və əziyyətlərə məna verə bilmə qabiliyyətidir. Ümidli uşaq uğursuzluq və çətinliyi yolun sonu kimi görmür əksinə, onu öz inkişaf prosesinin bir hissəsi hesab edir.
Bu baxış tərzi öyrənilmiş acizliyin formalaşmasının qarşısını alır və passiv şəxsiyyətin yetişməsinə mane olur.

Əsl dözümlülük ümid olmadan formalaşmır
Ümidsiz dözümlü olmaq sadəcə stressə dözməkdir; lakin ümidlə müşayiət olunan dözümlülük irəliyə doğru hərəkət edir. Ümidli uşaq bilir ki, niyə yenidən səy göstərməlidir. Çünki gələcək onun üçün dəyərli və əlçatandır.
Çətin vəziyyətlərdə uğur qazanmaq mümkündürmü?
Sağlam ümid problemləri görməməzlikdən gəlmək demək deyil. Ümid aşılayan valideynlər çətinlikləri görürlər, lakin onları qaçılmaz taley kimi təqdim etmirlər. Uşaq uğura o zaman inanmağa başlayır ki, valideynlərinin davranışında çətin vəziyyətlərdə həll yolu axtardıqlarını, məsuliyyət qəbul etdiklərini və uğursuzluqdan təcrübə və məna çıxardıqlarını görür.
Bu prosesdə kiçik və tədrici irəliləyişlərin nəql edilməsi, qəhrəmanlıq dolu və qeyri-real hekayələrdən daha təsirlidir.
Ev: Elm və bacarıq inkişafı üçün ilk baza
Ev uşağın öyrənmə, səhv etmə və qiymətləndirilmə ilə ilk dəfə qarşılaşdığı mühitdir. Əgər ev təhlükəsiz bir öyrənmə mühiti deyilsə, məktəb və universitet böyük təsir göstərə bilməz.
Elmi ümid o zaman formalaşır ki, öyrənmənin özü dəyərli hesab edilsin, səhv bacarıqsızlıq əlaməti kimi qəbul olunmasın və nəticə tam olmasa belə göstərilən zəhmət görülsün və təqdir edilsin.
Uşağın ölkənin gələcəyinə baxışı necə formalaşır?
Uşağın ölkənin gələcəyi ilə bağlı baxışı valideynlərin baxışının birbaşa əksidir. Daim çıxılmazlıq və gələcəyin olmaması barədə danışan valideynlər, bilmədən uşağın zehnində sosial yadlaşma hissi yaradırlar.
Əksinə, məlumatlı valideynlər struktur problemləri ilə ölkənin potensial imkanlarını bir-birindən ayırd edirlər və fərdin vəziyyətin yaxşılaşdırılmasındakı rolunu ön plana çəkirlər.

Sosial media, ailədə ümidin mühüm sınağı
Sosial media yalnız əyləncə vasitəsi deyil, həm də mənalar yaradan və müqayisələrə yol açan bir sahədir. Valideynlərin bu sahədə idarəçiliyi yalnız vaxt məhdudiyyəti ilə məhdudlaşmır; eyni zamanda tənqidi dialoqlar, media sahəsinin öyrədilməsi və uşağın özünəinamının gücləndirilməsini əhatə edir.
Evdə uşağa diqqət göstərmək və onu səmimi şəkildə dinləmək, onun emosional ehtiyaclarını ailə daxilində qarşılayır, nəticədə uşaq diqqəti sosial mediada axtarmır və ora daha az üz tutur.
Ailədə ümidin əsas mənbəyi kimdir?
Ana uşağın ilk emosional tənzimləyicisidir. Onun stres, uğursuzluq və ümidlə qarşılaşma tərzi, dərin şəkildə uşağın psixoloji strukturuna nüfuz edir.
Ümidini əməldə göstərən və neqativ emosiyaları düzgün idarə edən ana, ümidli, realistik və məsuliyyətli uşaq yetişdirir.
Ümid, daha çox öyrədildiyi üçün deyil, yaşandığı üçün formalaşır. Ümidli uşaq tərbiyəsi sadəcə şüarlardan ibarət deyil. Bu, reallığı ilə ümidli olan, məsuliyyətlə hərəkət edən və evi dialoq, mənalar və sakitlik mərkəzinə çevirən valideynlərin həyat tərzinin nəticəsidir.

Rəyiniz